İctimai fəal Səməd Şıxı sərbəst buraxılıb

Səməd Şıxı

Avqustun 23-də Bakı hava limanında Tbilisiyə gedərəkən dostlarına saxlandığını bildirən yazıçı, ictimai fəal Səməd Şıxı bu gün, avqustun 24-də sərbəst buraxıldığını açıqlayıb.
Amma S.Şıxı heç bir təfərrüat barədə danışmaq istəmədiyini qeyd edib.

Məsələ ilə bağlı hüquq mühafizə orqanları ilə də, hələlik, danışmaq mümkün olmayıb.

***

Azərbaycanda yaxınları yazıçı, ictimai fəal Səməd Şıxının avqustun 23-də saxlandığını bildirirlər.

Onların verdiyi məlumata görə, S. Şıxı Gürcüstan paytaxtı Tbilisiyə gedərkən Bakı hava limanında saxlanıb. "Səməd nəzarətdən keçib, amma yarım saatdan sonra bizə saxlandığını yazdı. Haradasa saat 16:43-də. Daha sonra ona zəng çatmadı", deyə yaxınları vurğulayıb.

S. Şıxının dostları hazırda onun barəsində hər hansı məlumat ala bilmədiklərini qeyd edirlər.

Hələlik, onun taleyinə hüquq-mühafizə orqanlarından da aydınlıq gətirmək mümkün olmayıb.

Ötən il avqustun 11-də Səməd Şıxı Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsinə aparıldığını və sonra da sərbəst buraxıldığını bildirmilşdi. O bunu yazdığı statuslarla izah etmişdi. Amma həmin məsələyə onda Daxili İşlər Nazirliyindən konkret münasibət almaq mümkün olmamışdı.

Dövlətə xəyanət ittihamı ilə həbs

S.Şıxının bundan əvvəl müharibə əlehinə mövqeyi ilə diqqət çəkdiyi bildirilirdi. Bu gün, avqustun 23-də Bakının Sabail rayon Məhkəməsində başqa bir müharibə əleyhdarı olan politoloq Bəhruz Səmədov haqqında isə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-ci maddəsi (dövlətə xəyanət) ilə ittiham edilir.

B.Səmədov məhkəmədə özünü təqsirli bilməyib. O, Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən bir günlük hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar vermişdi. Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatı "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib. B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.