Səlim Müslümov 20 milyonu öz, 4.5 milyonu da başqalarının yerinə ödəyib?

S.Müslümov

Bir ilə yaxındır məhkəməsi gedən keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bugünlərdə daha 4.5 milyon manat pul ödəyib. Bu barədə mayın 8-də sabiq nazirin işi üzrə məhkəmə iclasında məlumat verilib.

27 milyon manatlıq mənimsəmə və israfetmə, eləcə də rüşvət alma kimi əməllərdə suçlanan Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir ildən çox həbsdə saxlanılan keçmiş nazir ötən ilin mayında ziyanın təxminin 20 milyonunu ödəyəndən sonra ev dustaqlığına buraxılmışdı. Qalan 7 milyonu isə ödəməkdən imtina edirdi. İddia edirdi ki, həmin mənimsənilən və israf edilən vəsaitin ona heç bir aidiyyəti yoxdur.

Cinayət işində mənimsənildiyi və israf edildiyi iddia olunan vəsaitlərin bir hissəsi nazirlikdə keçirilmiş tenderlərin qalibi olan şirkətlərin hesablarına köçürülən pullardır. Müslümov məhz bu üzdən həmin epizodlar üzrə özünü təqsirli bilmirdi.

Buna da bax: Səlim Müslümovun cinayət işindəki 27 milyonun qalan 7-sini başqaları ödəyəcək

Sabiq nazirin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb. 2022-ci ilin yayında Müslümovun işi məhkəməyə göndəriləndə nazirlikdə tender qalibi olmuş şirkətlər və s. məsələlərlə bağlı araşdırmaların davam etdirilməsi üçün ondan başqa bir cinayət işi ayrılıb və istintaq davam etdirilir.

Şirkətlər 600 min ödəyib, keçmiş nazir 4.5 milyon manat

Mayın 8-də məhkəmədə sabiq nazirin işinə baxan hakim Faiq Qəniyev proses iştirakçılarına məlumat verib ki, istintaqa cəlb olunan şirkətlər israfetmə nəticəsində vurulan ziyandan 600 min manat ödəyiblər.

Keçmiş nazir isə şirkətlərin əvəzinə mənimsəmə nəticəsində vurulmuş ziyandan 4.5 milyon manat ödəyib. Müslümov bu ödəməni aprelin 28-də həyata keçirib. Bu barədə qəbzlər də məhkəməyə təqdim olunub.

Beləliklə, Müslümov ittiham olunduğu cinayət işi üzrə rəsmi qaydada təxminən 24.5 milyon manat ödəyib.

Buna da bax: Gömrük Komitəsinin mühasibi: 'Hər ay 25 min rəisə göndərirdim, o da nazirə verirdi'

Hakim əlavə edib ki, DTX-ya şirkətlərin ödədiyi yekun məbləğlə bağlı məlumat almaq üçün məhkəmədən sorğu göndərilib. Sorğuya yaxın bir neçə gün ərzində cavab alınacaq.

Müslümovun işi üzrə məhkəmə iclası mayın 15-də davam edəcək. Həmin gün məhkəmə istintaqının tamamlanacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

Xatırlatma

2021-ci ilin yanvarında həbs olunan Səlim Müslümov məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca özünü qismən təqsirli bildiyini söyləyib. Deyib ki, israfetmə ilə bağlı hissədə ittihamla razı deyil. Qalan ittihamları (mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə) isə qəbul edir.

62-yaşlı Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Müslümova qarşı irəli sürülən ittiham maddələrində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.