Ukrayna Müdafiə Nazirliyi: Soledar hələ təslim olmayıb...

Soledar, 8 yanvar, 2023-cü il

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar dekabrın 10-da gecə bəyan edib ki, ölkənin şərqindəki Soledar rayonunda şiddətli döyüşlər davam edir, amma Ukrayna qüvvələri müdafiə xəttini saxlayır.

Malyar bildirib ki, Rusiya qoşunları nəhəng sayda itkilərə baxmayaraq şəhərə hücumu davam etdirir:

"Bizim mövqelərimizin ətrafı həlak olmuş düşmən döyüşçülərinin cəsədləri ilə doludur”.

Bundan əvvəl Britaniyanın Müdafiə Nazirliyi döyüş bölgəsindən alınan məlumatlara əsasən Rusiya qüvvələrinin “ehtimalən” Soledarın demək olar hamısına nəzarət etdiyini bildirmişdi.

Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko deyib ki, Soledarda hələ də 523 mülki sakin qalır.

Onun sözlərinə görə əsasən qocalardan ibarət bu adamları evakuasiya etmək artıq mümkün deyil.

Buna da bax: Aİ və NATO arasında strateji partnyorluq bəyannaməsi imzalanıb

Reuters yazır ki, əgər Rusiya qüvvələri Soledara nəzarəti ələ ala bilsə, bu, Moskvanın 2022-ci ilin ikinci yarısından bəri Ukrayna müharibəsində qazandığı ən böyük uğur olacaq.

Əsasən Wagner özəl hərbi şirkətinin muzdlularından ibarət Rusiya qüvvələri aylardır ki, Baxmut şəhərini ələ keçirməyə can atır.

Buna da bax: Rusiya nefti yarı bazar qiymətinə satılır

Bu hələ tam mühasirə olmasa da...

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiyanın bu rayonda hər hansı hərbi uğuru nəhəng sayda itkilərin hesabına əldə oluna bilər.

Rusiya Müdafiə Nazirliyi özünün 10 yanvar məlumatında Baxmut və Soledar şəhərlərinin adlarını çəkmir.

Ukrayna şərq cəbhəsinin sözçüsü Sergey Çerevatı deyib ki, Ukrayna artilleriyası son 24 saatda Soledar rayonunda vaqnerçilərə 84 zərbə endirib.

Reuters Soledarın içərisində vəziyyəti öyrənə bilməyib, amma Ukrayna qoşunları ilə birlikdə olan jurnalist Yuri Butusov yazır ki, Rusiya qoşunları bu ərazidə Ukrayna ordusunun əsəs təchizat yolu üzərində atəş nəzarətinə malikdir:

"Bu hələlik tam mühasirə olmasa da, müdafiə üçün kritik vacib olan normal marşrutla təchizat da mümkün deyil”.

Almaniya naziri Xarkova gəlib

Bu arada xəbər verilir ki, Ukraynanın şərqində ağır döyüşlərin getdiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın ikinci böyük şəhəri Xarkova gəlib.

Bu şəhər müdaxilənin əvvəllərindən bəri Rusiya tərəfindən müntəzəm artilleriya və raket zərbələrinə məruz qalır.

Xarkov Rusiya ilə sərhədin 40 kilometrliyindədir.

Xanım Berbok səfər zamanı deyib:

"Bu şəhər Rusiyanın Ukraynaya qarşı müharibəsinin tam divanəliyinin simvoludur. Mənim üçün vacib olanı budur ki, biz Avropa ailəmizdə Ukraynanın yerini unutmayaq”.

Berbok Almaniya siyasətçiləri arasında Ukraynaya tam dəstək verilməsinin ən qızğın tərəfdarlarından biridir.

Buna da bax: AzadlıqRadiosu Rus və Belarus xidmətləri üçün Vilnüsdə ofis açır

Soledar ‘qaynar nöqtə’ olaraq qalır

Ukrayna ordusunun yanvarın 10-na keçən gecə yaydığı məlumata görə, Rusiyanın mövqelərinə və havadan müdafiə sistemlərinə havadan zərbələr endirilib. Şimal-şərqi Soledar şəhərində isə ağır döyüşlər davam edir. Son dörd gündə Rusiya əsgərlərinin burada taktiki irəliləyiş əldə etdiyi xəbər verilir.

Ukrayna Baş Qərargahı bildirir ki, Rusiya ordusu şərqi Donetsk vilayətində bir neçə şəhər istiqamətində, o cümlədən Baxmut, Avdiyev, Lımana doğru hücum əməliyyatları aparır, Kupyan istiqamətində taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Qarşı tərəfin iki dronunun vurulduğu xəbər verilir.

AzadAvropa/AzadlıqRadiosu döyüş zonasında baş verənlər, itkilərlə bağlı xəbərləri dəqiqləşdirə bilmir.

Buna da bax: Baxmut və Soledar ətrafında ağır döyüşlər gedir

“Taktiki irəliləyiş”

Britaniya kəşfiyyatı isə yanvarın 10-da gündəlik bülletenində qeyd edir ki, Rusiyanın Soledar hücumu yaxınlıqdakı Baxmut şəhərini şimaldan mühasirəyə salmaq, Ukraynanın kommunikasiya xətlərini sıradan çıxarmaq məqsədi daşıyır.

Britaniya “son dörd gündə Rusiya və Vaqner muzdlu qrupunun Soledar tarixi duz emalı zavodunda taktiki irəliləyiş” etdiyini, yaşayış məntəqəsinin çox hissəsinə nəzarəti ələ aldığını qeyd edir.

Ukrayna ordusu daha öncə bildirmişdi ki, yaxınlıqdakı daha böyük Baxmut şəhərini tuta bilməyən Rusiya qüvvələri Soledara yönəldiliblər.

Buna da bax: Ekspertlərin 46 faizi: Rusiyanın parçalanmaq ehtimalı böyükdür

İstehkamlar və mədənlər

Moskvanın həftəsonu birtərəfli elan etdiyi Milad atəşkəsindən sonra Rusiya qüvvələrinin yenidən qruplaşdığı vurğulanır.

Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenkonun yanvarın 9-da dediyinə görə, Soledar Ukrayna qüvvələrinin əlindədir, Rusiya əsgərlərinin onu tutması xəbərləri “saxta”dır.

“Soledar ən qaynar nöqtədir, heç bir infrastrukturu qalmayıb, yalnız istehkamlar və mədənlərdən ibarətdir”, – o, Ukrayna televiziyasına söyləyib.

Ukraynanın Müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, düşmən Soledarı tuta bilməyəndən sonra “yenidən qruplaşıb, taktikanı dəyişib, yeni və kəskin hücuma başlayıb”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna müharibəsinin Şəmkir camaatına təsiri...

Rusiya nə deyir

Rusiyanın Müdafiə Nazirliyi yanvarın 9-da gündəlik media brifinqində Soledar, yaxud Baxmut adı çəkməyib. Yanvarın 7-də Kramatorskda peşə məktəbinə iddia olunan hücumdan, orada onlarla ukraynalı əsgərin öldürülməsindən söz açılıb.

Ancaq “AP”nin hadisə yerində olan müxbirləri hər hansı böyük hücuma dəlil tapmayıblar. Yerli rəsmilər onlara orada əsgər öldürülmədiyini deyiblər.

Baxmut və Soledar Ukraynanın şərqi Donetsk vilayətində yerləşir. Rusiya Prezidenti Vladimir Putin bu vilayətin ilhaqını elan etmişdi. Təhlilçilər deyirlər ki, müharibənin indiki mərhələsində Putinin prioriteti Donetsk və Luqanskın birlikdə təşkil etdiyi Donbas regionuna tam nəzarəti ələ almaqdır.