ABŞ səfiri Trump-ın şəxsi vəkilinin xarici siyasətə müdaxiləsini tənqid edib

Səfir Gordon Sondland oktyabrın 17-də Konqresə gələrkən

Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqındakı səfiri prezident Donald Trump-ı özünün şəxsi vəkilini ölkənin xarici siyasətinə qatdığına görə tənqid edib.

Səfir Gordon Sondland bu bəyanatı oktyabrın 17-də Nümayəndələr Palatasının prezidentin impiçmentinə dair dinləməsində verib.

Konqres demokratları Donald Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon danışığından qaynaqlanan impiçment araşdırması aparırlar.

Demokratlar iddia edirlər ki, Trump onun 2020-ci il ABŞ seçkisində potensial rəqibi ola biləcək keçmiş vise-prezident Joe Biden və onun oğlu Hunter-in araşdırılması üçün Zelenskiyə təzyiq göstərib.

Trump mehmanxana sahibi olan Sondland-ı səfir vəzifəsinə ötən il təyin etmişdi.

O, ABŞ-ın enerji naziri Rick Perry və ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kurt Volker may ayında Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin inaqurasiya mərasimində iştirak ediblər.

Xəbər verilir ki, bu üç nəfər mayın axırında Vaşinqtona qayıtdıqdan sonra Trump-ı Zelenskiyə zəng etməyə təhrik ediblər.

Onlar Zelenskiy-nin Ağ Evə dəvət edilməsinə nail olmaq istəyirdilər.

Buna da bax: Hunter Biden Ukraynada yanlış iş görmədiyini deyir

Sondland deyib ki, Trump Kiyevin korrupsiyaya qarşı mübarizə aparacağına inanmırdı və əvvəlcə onun şəxsi vəkili Rudy Giuliani ilə söhbət edilməsini istəyirdi:

“Bizim hamımıza belə göründü ki, prezidentin Ukraynaya dair fikrinin dəyişməsinə cənab Giuliani səbəb olub. Bizim ortaq baxışımız belə idi ki, Ukraynaya yönəlik xarici siyasətin bütün aspektləri üçün məsuliyyəti öz üzərinə prezidentin şəxsi vəkili yox, Dövlət Departamentindəki kişi və qadınlar götürməlidirlər”.

Lakin Sondland deyib ki, o, Perry və Volker Giuliani ilə danışmaq qərarına gəliblər, çünki iki prezidentin görüşü ABŞ-ın xarici siyasəti üçün mühüm məsələ idi.

İyulun 25-də yer almış telefon söhbətində Ukrayna prezidenti Zelenskiy Ukraynanın ABŞ-dan daha çox silah almağa hazır olduğunu bildirmişdi.

Trump söhbətin bu məqamında Zelenskiy-dən “əvəzində” Biden-in araşdırılmasını istəmişdi.

Joe Biden vise-prezident olduğu dövrdə ABŞ-ın Ukrayna siyasətinə cavabdeh idi. Onun oğlu Hunter Biden Ukraynadakı Burisma enerji şirkətində direktorlar şurasının üzvü idi.

Trump habelə Zelenskiy-dən Ukraynanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsinə dair iddianın araşdırılmasını xahiş etmişdi. Bu iddianı da ortalığa Giuliani atmışdı.

ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə isə 2016-cı il seçkisinə Rusiya, həm də Trump-ın tərəfində müdaxilə edib.