Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başa çatıb

Azərbaycan və Ermənistan spikerləri Sahibə Qafarova və Alen Simonyan

Martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında keçirilən ikitərəfli görüş başa çatıb.

Milli Məclisin məlumatına görə, görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Əlavə edildiyinə görə, tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüşün konstruktiv mühitdə baş tutduğu bildirilir.

***

Bugün, martın 22-də Cenevrədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın ikitərəfli görüşü keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində gerçəkləşir.

Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin bu prosesə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı Şurasının, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar gedir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Buna da bax: Fransa Rusiyanı Ermənistanı 'cəzalandırmaq' niyyətində ittiham edir

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Onlar qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır əməllərdə ittiham edilirlər.

Amma tutulduqdan sonra onlardan, hələlik, bu ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.