Surovikini Aflazov əvəzləyəcək

Sergey Surovikin

Ötən il Ukraynada müharibəyə komandanlıq etmiş, Vaqner özəl hərbi qruplaşmasının başçısı Yevgeni Priqojinlə əlaqələri olan General Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

Surovkini müvəqqəti olaraq General Viktor Aflazov əvəzləyəcək. Bunu “RIA Novosti” dövlət xəbər agentliyi yayıb. Ötən il Surovikin Rusiyanın Ukraynadakı müharibəsinə qısa müddətə komandanlıq edəndə, Aflazov aerokosmik qüvvələrə başçılıq edib.

Avqustun 23-dək Kremlin rəsmən təsdiqləmədiyi xəbərlər Priqojin qiyamından sonra Surovikinin taleyilə bağlı sualları artırıb. O 23 iyun qiyamından üzü bəri ictimaiyyət arasında görünməyib.

“General Armageddon” və...

Surovikin Rusiyanın Suriya müharibəsinə müdaxilə vaxtı komandanlığına görə “General Armageddon” kimi tanınır. Onun qəddar idarəçilik üsulunu Priqojin və digər oxşar qatı millətçilər dəstəkləyiblər. Onlar Rusiya ordusunun Ukraynadakı perfomansına qarşı çıxırlar.

Surovikin oktyabrda Ukraynadakı müharibənin başına keçəndə mülki infrastrukturu hədəfə almaq əmri verib. Rusiya raketləri və dronları elektrik şəbəkələrini, suvurma stansiyalarını vurub.

O həmçinin Rusiya qüvvələrinin Xersonda, Dnepr çayının qərb sahilindən taktiki çəkilməsi əmrini verib.

Priqojin və keçmiş kəşfiyyat zabiti İqor Strelkov şikayətlənirdilər ki, Müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimov müharibəni düzgün aparmır. Onlar Putini tam səfərbərlik elan edərək Ukraynanı məğlub etməyə çağırırdılar.

Surovikin yanvarda qəflətən komandanlıqdan uzaqlaşdırıldı, Gerasimov müharibəyə tam rəhbərlik etməyə başladı.

Buna da bax: Ukrayna ordusu bir kəndi azad edir. Rusiya dronlara görə strateji aviasiyasını köçürür

Vaqner üsyanı

İyunun 23-də isə Priqojinin Vaqner qrupu qısamüddətli üsyan etdi, cənubdakı Rostov-Don şəhərini ələ keçirdi, Moskva üzərinə yürüşə başladı. Belarus lideri Alyaksandr Lukaşenkanın müdaxiləsindən sonra konvoy yürüşü dayandırdı.

Putin qiyamı pislədi, iştirakçıları “satqın” adlandırdı, mühakimə olunaraq cəzalandırılacalqrını dedi. Ancaq bu baş vermədi.

Priqojin və Vaqner-in bəzi üzvləri bir neçə gün sonra Putinlə görüşüb, Priqojin Rusiyada sərbəst hərəkət edir. Bu həftə yayılan videoda Priqojin çiçəklənən biznesi olan Afrikada görüntülənib. O, əvvəllər Afrikaya xeyli sayda Vaqner döyüşçüsü də göndərib.

Surovikin qiyamın ilk saatlarında yayılan videoda Vaqner üzvlərini qiyamı dayandırmağa çağırıb. Bəzi ekspertlər onun bu mesajı verməyə məcbur edildiyini deyirlər.