Tramp işində nə gözlənilir

Donald Tramp

Çərşənbə axşamı (avqustun 1-də) ABŞ-ın keçmiş prezidenti Donald Trampa (Donald Trump) 2020-ci il seçkilərində məğlubiyyətini tanımayaraq nəticələri dəyişməyə yönəlmiş bir sıra cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. "Reuters" bundan sonra baş verəcək prosedurları sadalayır.

Tramp nə zaman məhkəmə qarşısına çıxacaq?

Trampın cümə axşamı günü (avqustun 3-də) məhkəməyə gəlməsi gözlənilir. Məhkəmədə prokurorlar ona qarşı ittihamları irəli sürəcəklər, hakimsə onun zaminə çıxması üçün şərtləri müəyyən edəcək. Burada o, ittihamları qəbul, yaxud rədd edə bilər. Ancaq o bunu başqa, daha sonrakı tarixdə də edə bilər.

Daha sonra hakim məhkəməöncəsi vəsatətlər və tapıntılar üçün tarixləri müəyyənləşdirəcək. Burada söhbət prokurorların sənədləri və digər dəlilləri vəkillərə təqdim etdiyi aylarla çəkən müddətdən gedir.

Trampın vəkillərinin qarşıdakı aylarda işə xitam verilməsi ilə bağlı müraciət edəcəyi gözlənilir. Ancaq cinayət işlərində bu cür müraciətlərə nadir hallarda müsbət cavab verilir. Hər iki tərəfin məhkəmədə hansı dəlil və qanuni arqumentlərin keçərli olacağını müəyyənləşdirmək üçün müraciət edəcəyi ehtimal olunur.

Buna da bax: Tramp məhkəmə qarşısına çıxarılır

Bu iş Trampın seçki kampaniyasına necə təsir edəcək?

Praktik nöqteyi-nəzərdən bu işin Trampın seçki kampaniyasına hər hansı bir təsiri yoxdur. Cinayətdə ittiham olunan şəxslərin seçki kampaniyası aparmasına, yaxud hər hansı vəzifəyə seçilməsinə heç nə mane ola bilməz.

Siyasi təsirlərsə aydın deyil. Tramp əksər siyasətçiləri geridə qoya biləcək, qalmaqallar yaratmaq kimi unikal bacarığa sahibdir. Daha öncəki iki ittiham aktı onun Respublikaçıların prezidentliyə namizədi olmaq uğrunda mübarizəsinə xələl gətirmədi.

Namizədliyi qazanacağı halda Tramp 2024-cü il seçkilərində Demokrat Prezident Co Baydenlə (Joe Biden) üz-üzə gələcək. Bayden 2020-ci ildə Trampı məğlub edib. Ancaq Reuters/Ipsos ekzit-poluna görə onunla Trampın reytinqləri arasındakı fərq çox cüzidir.

Buna da bax: ‘Amerika arzusu’nun ardınca Meksikaya yol alan ortaasiyalılar

Məhkəmə nə vaxt olacaq?

Məhkəmənin tarixi bilinmir. Ancaq onun hələ aylar sonra olacağı ehtimal edilir. Hakim ilkin məhkəmənin tarixini müəyyən edəcək. Amma tərəflər qanuni məsələlər və dəlillərlə bağlı çəkişdiyindən bu cür tarixlər adətən təxirə salınır. Tramp həmçinin hakimin məhkəməöncəsi qərarlarına da etiraz edə bilər. Bu isə işin sürətini daha da azalda bilər.