Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiyə parlamenti

Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük üçün müraciətini təsdiqləyib.

Alyans üzvü Türkiyə bir ildən çox idi İsveçin müraciətini ratifikasiya etmirdi. Prezident Rəcəb Tayyib Ərdoğan Stokholmun bəzi şərtləri yerinə yetirməsini istəyirdi. Birinci tələb İsveçin sığınacaq verdiyi Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərini təhvil verməsi idi. Türkiyə onları terrorçu sayır.

Ankara həmçinin ölkəyə silah təchizatına İsveçin embarqosunun ləğvini tələb edirdi. Bundan başqa, Ərdoğan İsveçdə Quranın yandırılmasını tənqid edir, buna qadağa qoyulmasını istəyirdi.

Baydenlə görüşdən sonra

İyulda ABŞ prezidenti Co Bayden (Joe Biden) ilə görüşən Ərdoğan bəyan edib ki, ölkəsi daha İsveçin alyansa üzvlüyünə mane olmayacaq. O, müvafiq protokolu oktyabrda imzaladı.

İndi prezident parlamentin ratifikasiya etdiyi sənədi yenidən imzalamalıdır. Bundan sonra İsveçin NATO-ya üzvlüyü yolunda daha bir əngəl qalır ki, bu da Macarıstandır. NATO-ya yeni üzvlər yekdil qərarla qəbul olunur.

İsveç Finlandiya ilə birlikdə 2022-ci ilin mayında NATO-ya üzvlük üçün ərizə verib. Hər iki ölkə həmin ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra çoxdankı neytrallıq siyasətindən imtina ediblər. İsveç artıq NATO-nun iri təlimlərinə qatılır.

Bu ölkələr NATO-ya qəbul olunandan sonra Rusiya ticarəti üçün əhəmiyyətli sayılan Baltik dənizi faktiki alyans daxilində qalacaq. Rusiyanın NATO ilə sərhədi 1215 km-dən 2600 km-ə çatacaq. Bunun böyük hissəsi artıq NATO-ya üzv olmuş Finlandiyanın payına düşür.