Türkiyədə Instagram bloklanıb 

İllüstrativ foto

Türkiyədə Instagram sosial şəbəkəsinə giriş bloklanıb. “Hurriyet” qəzeti bu barədə texnologiya və kommunikasiyalar üzrə şuranın qərar verdiyini yazır. Tənzimləyici orqan bloklamanın səbəbləri, yaxud müddəti barədə açıqlama verməyib.

Türkiyə mediası bu qərarın prezident administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun sözügedən sosial şəbəkəni təndiq etməsindən sonra verilməsinə diqqət çəkir.

Instagram (ABŞ və Aİ-nin terrorçu saydığı) HƏMAS ekstremist qruplaşmasının siyasi bürosunun başçısı İsmayıl Haniyənin ölümüylə bağlı başsağlığı postlarını blokladığına görə dövlət rəsmisinin tənqidinə tuş gəlmişdi. Haniyə bu həftə İranda qətlə yetirilib.

“Bu çox aydın və aşkar senzura cəhdidir. Bu platformalara qarşı söz azadlığını müdafiə etməyə davam edəcəyik. Onlar dəfələrlə göstəriblər ki, qlobal istismarçı quruluşa və ədalətsizliyə xidmət edirlər. Fələstinli bacı və qardaşlarımızı hər bir imkan daxilində, istənilən platformada dəstəkləyəcəyik”, -- Altun yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə demişdi ki, Türkiyə fələstinlilərə kömək üçün “Liviya və Qarabağa girdiyi kimi” İsrailə də girə bilər.

İsrailin xarici işlər naziri isə Ərdoğanın bu təhdidinə cavabında onu 2006-cı ildə edam olunmuş İraq diktatoru Səddam Hüseynlə müqayisə edib.