Ukrayna həftənin əvvəlində F-16-nın qəza etdiyini təsdiqləyir

F-16-lar Ukrayna səmasında

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 qırıcısının Rusiyanın Ukrayna ərazisinə raket və dron zərbəsini dəf edərkən qəzaya uğradığını təsdiqləyib.

Baş Qərargah avqustun 29-da Facebook-da yazıb ki, Ukraynanın F-16-ları Rusiyanın zərbələri ilə savaşıb, düşmənin dörd qanadlı raketini vurub.

"Növbəti hədəfə yaxınlaşanda təyyarələrin biri ilə kontakt itib. Sonradan bəlli olub ki, təyyarə qəza edib, pilot həlak olub", – ordu bildirib.

Məlumata görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün Müdafiə Nazirliyi xüsusi komissiya təyin edib.

Pentaqon sözçüsünün müavini Sabrina Sinqx (Sabrina Singh) deyib ki, F-16-nın qəzaya düşməsi barədə məlumatları görüb, insidentdən sonra kömək üçün hansısa xahiş olunub-olunmamasından xəbəri yoxdur. Sözçü brifinqdə əlavə informasiyasının olmadığını söyləyib. Onu da əlavə edib ki, pilotlar ABŞ-da təlim keçiblər, döyüşdə isə çətinliklər olur.

"Geniş mənada, döyüş aviasiyası çox mürəkkəbdir. Pilotlara burada, Birləşmiş Ştatlarda təlim keçməkdən qürur duyuruq, müttəfiqlərimiz də Ukraynada pilotlara təlim keçirlər", – Sinqx vurğulayıb.

ABŞ rəsmisinin dediyi

Ukrayna Silahlı Qüvvələri Oleksey Mes adlı pilotun Rusiyanın kütləvi zərbəsini dəf edərkən həlak olduğunu açıqlayıb. Hava döyüşü zamanı üç qanadlı raketin, bir dronun da vurulduğu bildirilir.

F-16-nın avqustun 26-da qəzada dağılması barədə ilk dəfə "The Wall Street Journal" yazıb. Adı çəkilməyən ABŞ rəsmisi qəzetə deyib ki, insident Rusiyanın kütləvi zərbəsi zamanı baş versə də, ilkin məlumatlar təyyarənin düşmən atəşi ilə vurulmadığını göstərir, pilotun səhvi nəticəsində qəza etdiyi görünür.

CNN mənbələrə istinadla xəbər verib ki, Ukrayna ordusu insidentə pilot səhvinin səbəb olmasına inanmır. Qəza ilə bağlı təhqiqat gedir, beynəlxalq ekspertlər onda iştiraka dəvət olunacaqlar.

Niderlandın icazəsi

Avqustun əvvəlində Niderland bildirib ki, Ukraynaya verdiyi F-16-lardan Rusiya ərazisində istifadə olunmasına icazə verib.

"Müharibə qanunlarına əməl olunduğu halda F-16-lardan istifadəyə, məsafəyə hər hansı qadağa qoymamışıq", – Niderland silahlı qüvvələrinin komandiri general Onno Eyxelsxaym NOS ictimai televiziyasına deyib.

Birləşmiş Ştatlardan danışan general əlavə edib ki, amerikalı həmkarları onun mövqeyi ilə qismən razıdır.

Niderland Ukraynaya 24 F-16 vəd edib, birinci partiya tezliklə çatdırılmalıdır. General təyyarələrdən hansısa birinin hazırda istifadə olunub-olunmadığını açıqlamayıb.