Türkiyə şirkəti Ukraynada 'Bayraktar' zavodu tikəcək

Baykar şirkətinin Ukraynaya hədiyyə etdiyi Bayraktar

Bundan başqa iyulun ortalarında Baykar şirkətinin direktoru Haluk Bayraktar demişdi ki, Türkiyə Rusiyaya heç vaxt dron satmayacaq

Türkiyənin Baykar şirkəti Ukraynada qeydiyyatdan keçib və Bayraktar dronları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb.

Bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar RBK-Ukrayna agentliyinə verib.

CurrentTimes saytı yazır ki, Kiyev və Ankara Ukraynada Bayraktar dronlarını istehsal edəcək zavodun tikintisi barədə razılaşmanı hələ 2022-ci ilin əvvəllərində imzalamışdılar.

Bundan başqa iyulun ortalarında Baykar şirkətinin direktoru Haluk Bayraktar demişdi ki, Türkiyə Rusiyaya heç vaxt dron satmayacaq.

Səfir qeyd edib ki, sözü gedən zavodu Baykar şirkəti layihələndirib və tikintisini əvvəldən sonadək özü aparacaq.

Bodnarın sözlərnə görə bu qərar siyasi olmaqla yanaşı, həm də praktikdir, çünki Ukraynada istehsal olunacaq dronlarda Ukrayna istehsalı hissələrdən də istifadə ediləcək.

Buna da bax: Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Şirkətin əliaçıqlığı

Səfir deyib:

“Bu mühərriklər də ola bilər, başqa ehtiyat hissələri, təkərlər və Ukraynada olan yüksək texnologiyalı başqa komponentlər də”.

Ukrayna Türkiyənin Bayraktar TB2 döyüş və kəşfiyyat dronlarından Rusiya ilə müharibədə fəal istifadə edir.

Ukrayna bu drondan döyüş meydanında ilk dəfə 2021-ci ildə istifadə edib.

Mayın sonlarında Litvanın Laisves TV kanalı Ukrayna üçün Bayraktar dronunun alınması məqsədilə pul toplandığını elan etmişdi.

Telekanal 5.9 milyon avro toplaya bilmişdi.

Lakin Baykar şirkəti demişdi ki, Litva fəalları topladıqları vəsaiti Ukraynaya humanitar dəstəyə xərcləsinlər, Litva və Ukrayna bayraqları ilə bəzədilmiş Bayraktar dronu isə Kiyevə təmənnasız bağışlanacaq.