Rusiya ordusunun Kiyevə 'ən böyük' dron hücumu etdiyi bildirilir

Rusiya ordusunun səhər saatlarında Ukrayna paytaxtını geniş miqyaslı dron hücumu ilə hədəf aldığı bildirilir.

Ukrayna prezidenti Zelenski çox sayda yaralı və dağıntılara səbəb olan hücumu "qəsdən terror aktı" olaraq adlandırıb.

“Rusiya 70-ə yaxın “Şahed” pilotsuz uçan aparatını məhz Holodomor soyqırımının anım günü ərəfəsində Ukraynaya göndərib”. - bu sözləri Ukrayna lideri Volodomir Zelenski öz X səhifəsində yazıb.

Ukraynanın hava qüvvələri Rusiya ordusu tərəfindən atıldığı bildirilən 75 drondan 71-i zərəsizləşdirdiklərini açıqlayıb.

Kiyev şəhərinin hərbi administrasiya rəhbəri Mixaylo Şamanov noyabrın 25-də, səhər saatlarında baş verən hücumu Rusiyanın Ukraynaya hücumunun başladığı gündən ən böyük dron hücumu adlandırıb.

Kiyev rəsmiləri dron hücumlarının Solomyanskiy rayonunu hədəf aldığı və başda elektrik xətləri olmaqla yaşayış binalarında dağıntılara səbəb olduğunu deyir.