Ukrayna kəşfiyyatı Moskvada helikopterin yandırılmasını göstərən video yayıb

Rusiya FHX-yə aid Ka-32 RA-31112 helikopteri Ostafyevo üzərində təlim zamanı (Arxiv fotosu)

Ukrayna hərbi kəşfiyyatı Yeni Moskvadakı Ostafyevo aerodromunda Rusiyanın Fövqəladə Hallar Xidmətinə məxsus Ka-32 helikopterinin yandırılmasını görüntüləyən video yayıb.

Qurumun bəyanatında deyilir ki, tamamilə yanıb külə dönən bu helikopterdən Rusiya ordusunun əməliyyatlarına dəstək verilməsi üçün istifadə olunurdu.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – GUR bildirir ki, helikopter aprelin 26-a keçən gecə yandırılıb.

Dərc olunmuş videoda helikopterin nömrə nişanları və ona dəyən zədələrin miqyası görünmür.

Moskva aprelin 26-da aerodromda yanğın baş verməsinə dair heç bir şərh verməyib.

Bu da qeyd olunmalıdır ki, videodakı helikopter Fövqəladə Hallar Xidmətinin rəngləri ilə boyanıb.

Ostafyevoda Moskva aviasiya mərkəzinin xilasetmə və tibb aviasiyası helikopterləri də saxlanır.

Bu mərkəzin donanmasında 3 ədəd Ka-32 helikopterinin olduğu məlumdur.

Ötən dekabrda Rusiya blogerləri yazırdılar ki, bu aerodrom Ukrayna dronunun hücumuna məruz qalıb, lakin dron vurulub.

GUR habelə aprelin 17-də Samaradakı Kryaj aerodromunda Mi-8 helikopterinin yandırılmasını əks etdirən video dərc etmişdi.

Helikopterin məhv edildiyi bildirilsə də, Rusiya güc nazirlikləri bu barədə də heç bir məlumat verməmişdilər.

Rusiya Dövlət Dumasının güc strukturlarına yaxın deputatı Aleksandr Xinşteyn demişdi ki, iki yanğın törədən şəxs Rusiya FTX-si tərəfindən saxlanıb.

Bunların Ukrayna xüsusi xidmətləri tərəfindən ələ alınmış 16 yaşlı Tolyatti məktəbliləri olduqları iddia edilirdi.

Amma məhkəmələr hər hansı şübhəlilərin həbs olunduğu barədə məlumat verməmişdilər.