Ukrayna 'Lukoil' neftinin Macarıstan və Slovakiyaya nəqlini dayandırıb

Drujba neft kəmərinin Macarıstana gedən qolu

Ukrayna Rusiyanın Lukoil şirkətinə aid neftin nəqlini dayandırıb. Slovakiyanın TAST xəbər agentliyi bildirir ki, bu, Bratislavadakı “Slovnaft” neftayırma zavodunun işini ciddi təsirləndirəcək.

Bu da xəbər verilir ki, məhdudiyyətlər Ukraynanın Lukoil şirkətinə qarşı sanksiyaları ilə bağlı olduğuna görə yalnız bu neft şirkətinin təchizatını əngəlləyəcək.

Slovakiya İqtisadiyyat Nazirliyi bildirib ki, Rusiyanın başqa neft şirkətlərinə aid neftin nəqli dayandırılmayıb.

Bununla belə ekspertlər deyirlər ki, uzunmüddətli məhdudiyyətlər Bratislavadakı neft emalı zavodunun işini çətinləşdirə bilər.

Ölkənin tədricən başqa alternativ enerji resurslarına keçidinə baxmayaraq Bratislava zavodunun emal etdiyi neftin üçdə ikisi hələ də Rusiya mənşəlidir.

Slovakiyanın iqtisadiyyat naziri deyib ki, hazırda ukraynalı partnyorlarla birlikdə problemin çözülməsi ilə məşğuldur.

Buna da bax: Hesabat: Dərin inflyasiyaya rəğmən Türkiyə qlobal sərvət indeksində birincidir

Budapeşt problemi Moskva ilə müzakirə edir

Bundan əvvəl Lukiol neftinin nəqlinin dayandırılması barədə məlumatı Budapeşt vermişdi.

Macarıstanın Xarici İşlər Nazirliyi bildirirdi ki, Rusiya ilə birlikdə problemin hüquqi həllinin tapılması istiqamətində işləyir.

Macarıstan və Slovakiyaya Rusiya nefti “Drujba” kəməri vasitəsilə nəql olunur.

Bu kəmər Belarus ərazisindən keçir. Mozır məntəqəsində boru kəməri iki qola ayrılır. Şimal boru kəməri ilə neft Polşa və Almaniyaya nəql edilir. Kəmərin cənub qolu isə Ukrayna ərazisindən keçərək Slovakiya, Çexiya və Macarıstana gedir.

Lukoil şirkəti 2018-ci ildən Ukraynanın sanksiyaları altındadır, lakin məhdudiyyətlər heç vaxt neftin nəqlinə şamil edilməyib. 2024-cü ilin iyunundan Kiyev sanksiyaları sərtləşdirib. O cümlədən neftin tranzitinə qadağan qoyulub.