Rusiya var qüvvəsi ilə Dnepr çayı üzərindəki körpünü əlində saxlamaq istəyir

Ukraynanın bir qrup dəniz piyadası Xerson yaxınlığındakı cəbhə xəttində Dnepr çayının sahilindən üzür.

Rusiya dövlət xəbər agentliklərinin yaydığı məlumat insanları təəccübləndirib. Dnepr çayının şərq sahillərində gedən ağır döyüşlər zamanı Rusiya ordusuna daha əlverişli mövqelərə geri çəkilmə əmri verilib.

Ancaq TASS və "RIA-Novosti" agentlikləri bir neçə dəqiqədən sonra Müdafiə Nazirliyinə istinadən verdikləri bu xəbəri heç bir açıqlamasız silib. Nazirlik xəbər agentliklərini tənqid edərək yaydıqları xəbəri "təxribat" adlandırıb.

"Bunlar reyd hücumlarıdır"

Dneprin Rusiya nəzarətindəki tərəfində 45 kilometrlik zolaqda bataqlıq və qumlu sahillər çoxdur. Ukraynanın nəzarətində olan Xerson şəhərindən yuxarıda, ancaq çayın digər tərəfində yerləşdiyindən indi burada bir çox olay baş verir.

Ukraynanın ərazidə keçirdiyi əməliyyata onlarla əsgər cəlb edilib. Onlar ağır texnika ilə birlikdə çayı keçərək çox sayda rus əsgərini mühasirəyə alıblar. Ruslar bu əsgərləri 1200 kilometrlik cəbhə xəttinin müxtəlif nöqtələrindən gətiriblər.

Top atəşi, hava zərbələri və dron izləmələri altında əsgərlərin su xəttini keçməsi mürəkkəb bir əməliyyatdan xəbər verir. Ukraynalı müdafiə təhlilçisi və ehtiyatda olan hərbi zabit Roman Svitan deyir ki, şərq sahilindəki üç-dörd məkanda indi yeni Ukrayna mövqeləri qərarlaşıb.

"Hazırda çoxsaylı qoşunlar yoxdur. Kəşfiyyat var, əsasən, sayı 100 nəfərədək olan kiçik kəşfiyyat qruplarıdır. İndi artıq batalyon da ola bilər, daha böyük də ola bilər. Ancaq bunlar … sırayla gerçəkləşdirilən reyd hücumlarıdır", - Svitan "Nastoyaşeye Vremya"ya belə deyib.

"Bütövlükdə çay keçmək həmişə uğurla gerçəkləşdirilməsi ən çətin əməliyyatlardan biridir. Dron və gecəgörmə cihazlarını nəzərə alsaq, mövcud münaqişədə bu daha da çətindir", - istefada olan ABŞ ordu generalı, ABŞ-ın Moskvadakı keçmiş hərbi attaşesi Kevin Rayan (Kevin Ryan) AzadlıqRadiosuna söyləyib.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin yazısında deyilir ki, Dneprin qərb sahili və Xerson bölgəsində baş verənləri izləmək vacibdir.

"Münaqişə durğunluq halına gəlib"

Ukraynalı komandirlər və onların qərbli hərbi məsləhətçiləri Rusiya qoşunlarının istər say, istərsə yorğunluq baxımından tükəndiyinə ümid edirdilər. Kreml ötən ilin sentyabrında olduğu kimi, kütləvi səfərbərlik elan etmədi və təhlilçilər bəzi Rusiya birliklərinin çox gərildiyini və ya çox taqətdən düşdüyünü deməyə başladılar.

Ancaq oktyabrın ortalarında Rusiya qismən Avdeyevka istiqamətində hücuma başlayaraq belə düşünənlərin yanıldığını sübut etdi. Ukrayna qoşunlarının mühasirəyə düşə biləcəyi ilə bağlı narahatlıq hələ də qalmaqdadır. Avdeyevka Donetsk şəhərinin şimal-şərqində yerləşən sənaye şəhəridir.

Ukrayna ordusunun yüksək rütbəli komandirlərindən biri - general Valeri Zalujnı noyabrın 1-də "The Economist" jurnalına verdiyi müsahibədə münaqişənin durğunluq halına gəldiyini deyib.

Oktyabrın 18-də rusiyalı hərbi bloqerlər Ukrayna dəniz piyadalarının çayı keçərək Antonov körpüsündən 8 kilometr yuxarıda atəş nöqtələri qurduğunu bildiriblər. İlk çıxan xəbərlərdən birində Ukrayna birliklərinin çay sahilindən iki kilometr cənub-şərqdə yerləşən Pesçanovka kəndinə çatdığı deyilirdi.

Noyabrın 13-dən etibarən xəbərlərdə Krınki kəndində və Kozaçyi Laqeri yaxınlığında ağır döyüşlərin getdiyi, ukraynalıların çaydan cənuba doğru irəliləyişini Rusiya qoşunlarının əngəlləməyə çalışdığı bildirilir.

Çox sayda rus bloqer, eləcə də bir neçə ukraynalı bloqer Ukrayna ordusunun çayı keçərək özləri ilə zirehli texnika gətirdiyini, Rusiya mövqelərini hədəfə almaq üçün, ən azı, bir hücum helikopterindən yararlandığını yazır. Düzdür, çayı keçən texnikanın sayı bilinmir. Bir müddət öncə rusların özü Orexov yaxınlığında Ukrayna qüvvələrinə qarşı bu taktikadan uğurla faydalanmışdı.

Dnepr üzərindən keçən Antonov körpüsü Ukrayna Silahlı Qüvvələrinin ona ilk zərbələrindən sonra. 2022

"Bu o deməkdir ki…"

Kiyevdə fəaliyyət göstərən Hərbi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Oleksandr Musiyenko deyir ki, indi Ukraynanın mövqeləri Antonov körpüsündən Krınkiyə qədər çayın şərq sahil zolağını tam əhatə edir.

"Bu o deməkdir ki, düşmən bizim qüvvələrimizi oradan çıxara bilməz. Bizi oradan itələyib çıxara bilməzlərsə, …deməli, onların bu cəbhəni müdafiə məsələsində problemləri var. Mən gələcək üçün bu ssenarini istisna etməzdim: Rusiya qoşunları başqa cəbhələrə çəkilməyə məcbur olacaq. Bu, artıq bir neçə dəfə onların başına gəlib. İndi burada da təəccüb doğurmamalıdır", - Musiyenko AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.

Ukrayna ordusu əməliyyat haqda heç bir açıqlama verməyib, sadəcə dəniz piyadalarının Dneprin şərq sahilində olduğunu təsdiqləyib. Ukraynanın cənub komandanlığının sözçüsü Natalya Humenyuk noyabrın 14-də bildirib ki, Rusiya qoşunları sahilboyu mövqeləri tərk edərək ikinci və ya üçüncü müdafiə xətlərinə çəkilməyə hazırlaşır.

Rusiya dövlət xəbər agentliklərinin sonradan geri çəkdiyi xəbərə gəlincə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı informasiya agentliyi Rusiya qoşunlarının geri çəkilməsinə dair xəbərləri yalanlayaraq onların Ukraynanı yanıltmaq məqsədi daşıdığını bildirib.