Ursula fon der Leyen 8-ci dəfə Kiyevə gəlib

Ursula fon der Leyen Kiyevdə Ukrayna əsgərlərinin xatirə divarına çiçək dəstəsi qoyub

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrın 20-də Kiyevə gəlib.

Onun burada qarşıdan qışın gəldiyi bir vaxtda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələri ilə bağlı Kiyevə davamlı dəstək elan edəcəyi gözlənilir:

"Mənim Kiyevə sayca 8-ci səfərim tezliklə isitmə mövsümünün başlanacağı və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələrinin davam etdiyi bir vaxta təsadüf edir”.

Avropa Komissiyasının rəhbəri az sonra prezident Volodimir Zelenski ilə görüşərək Ukraynanın enerji təchizatına dəstək məsələsini müzakirə etməlidir.

Ursula fon der Leyen bildirib ki, görüşün gündəliyinə Ukraynanın qışa hazırlığına Avropa İttifaqının köməyi məsələsi daxildir.

Görüşdə habelə Ukraynaya İttifaqa üzvlük prosesində dəstək verilməsi və G7 qrupunun kreditləri müzakirə olunacaq.

Xanım fon der Leyen bundan bir gün əvvəl Ukraynanın enerji infrastrukturunun bərpası üçün Kiyevə əlavə olaraq 178 milyon dollar yardım elan etmişdi.

Bir həftə bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi xəbərdarlıq etmişdi ki, qarşıdan gələn qış Ukrayna üçün indiyədək keçilmiş sınaqların ən ağırı ola bilər.

Bu arada Ukraynanın hərbi hava qüvvələri sentyabrın 20-ə keçən gecə Rusiyanın 70 dronundan 61-nin məhv edildiyini bildirib.

Hər hansı dağıntı və ya itkilər barədə məlumat verilməyib.