Keçmiş icra başçısına 13 il həbs istəndi

Sizin brauzer HTML5-i dəstəkləmir

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Prokuror İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevə 13 il həbs cəzası istəyib. O bu təklifini iyulun 1-də keçirilən məhkəmədə dilə gətirib.

Prokurorun fikrincə, sabiq icra başçısına verilən külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları məhkəmədə sübuta yetirilib.

Buna da bax: Həbsdəki icra başçısı: '6 milyon ödəməyə hazıram'

Dövlət ittihamçısı Vilyam Hacıyevə məxsus, ancaq üzərində həbs olan 6 milyon manatdan çox pul və əmlaklarının da müsadirə olunaraq yeyintilərdən dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.

Məhkəmə istintaqının yekunlaşmasına etiraz edən Vilyam Hacıyev və vəkili yetərincə araşdırma aparılmadığını bildiriblər. Ekspert rəyləri obyektlərə, binalara baxış keçirilmədən, yalnız Maliyyə Nazirliyinin tərtib etdiyi yoxlama aktları əsasında verilib. Onlar təkrar ekspertiza keçirilməsini istəsələr də, məhkəmə bu məsələyə "yox" deyib.

Buna da bax: Başçının məhkəməsində: 'Dedi ki, sənə 7 min ayrılacaq, min manatı götürəcəksən, qalanını...'

Məhkəmə iyulun 8-də vəkilin çıxışı, sabiq icra başçısının son sözü ilə yekunlaşacaq.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. O, 2020-ci ilin mayında bu vəzifədə çalışarkən DTX əməkdaşlarının keçirdiyi əməliyyatda həbs edilib.

Külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.