Azərbaycanda adı dopinq qalmaqalında ən çox hallananlar danışır

World Anti-Doping Agency (WADA). Montreal, Kanada

“Bütün dünya idmançılarına qarşı haqsızlıqlar elə WADA tərəfindən törədilir”. Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Azərbaycanın qanunlara «tabe olmayan» ölkələr siyahısına salınması haqda xəbərdarlığına bu şəkildə münasibət bildirir.

“Dopinq dedikləri preparatlar apteklərdə uşaqlar üçün satılır”

Azərbaycanda adı dopinq qalmaqalında daha çox hallanan Ağır Atletika Federasiyasıdır. Onun altı idmançısı keçən il Dünya Çempionatından sonra dopinqdən istifadəyə görə beynəlxalq yarışlara qatılmaqdan məhrum ediliblər.

Buna da bax:​ Beynəlxalq Antidopinq Agentliyindən Azərbaycana xəbərdarlıq

İsmayıl İsmayılov AzadlıqRadiosu-na açıqlamasında WADA-nın Azərbaycanla bağlı tələbinə etiraz edir. O, agentliyin problemi ilk növbədə “özündə axtarmalı olduğunu” söyləyir.

“Bütün dünya idmançılarına qarşı haqsızlıqlar elə WADA tərəfindən törədilir. Bu gün onların “dopinq” dediyi preparatlar bütün insanların istifadə edəcəyi adi dərmanlardır, amma onu dopinq kimi qəbul edirlər. Bunlar özləri araşdırsınlar, görək dopinq nədir, ondan sonra qadağa qoysunlar. Onların qadağa qoyduğu preparatların çoxu bütün dünyada apteklərdə xəstələr, uşaqlar, böyüklər üçün satılır”, – İsmayıl İsmayılov bildirir.

Qurum Azərbaycan da daxil olmaqla 5 ölkəyə dopinq əleyhinə kodekslə razılaşdıqlarını sübut etməyə noyabrın 10-a qədər vaxt verib. Həmin vaxtadək gərəkən tədbirlər görməsələr, noyabrın 19-da onlar «tabe olmayan» ölkələr sırasına aid ediləcəklər.

“Ona şər, ləkə atılması böyük problemdir”

Yüngül Atletika Federasiyasının məşqçisi Məhərrəm Sultanzadə AzadlıqRadiosu-na deyir ki, belə bir xəbərdarlıqdan xəbərsizdirlər: “Ola bilsin, nazirlik bu gün, ya sabah məlumat versin. Amma hazırda belə məlumat yoxdur”.

Buna da bax:​ Azərbaycanın daha bir idmançısı dopinqdə «ilişdi»

Bu Federasiyanın da adı bir dəfə, Avropa Oyunları zamanı dopinq qalmaqalında hallanıb. Məhərrəm Sultanzadə:

– Belə bir hadisə olmuşdu, Avropa Oyunları zamanı. Problem ondaydı ki, həmin idmançı legioner idi. O, xaricdə məşq edirdi, biz onun nə qəbul edib-etmədiyini bilmirdik. Hazırda o kənarlaşdırılıb, həm bizim, həm də beynəlxalq federasiya tərəfindən diskvalifikasiya olunub.

– WADA Azərbaycanın dopinqlə mübarizə məqsədilə tələblərini yerinə yetirməsini istəyir. Bunlar hansı tələblərdir?

– Bununla bağlı, zəhmət olmasa, nazirliyə müraciət edin. Onlar bizdən yaxşı bilir ki, nə istəyirlər, tələbləri nədir. Konkret bizim Federasiyamıza heç nə gəlməyib.

– Bu tələbi haqlı sayırsızmı?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. İdmançı dopinq qəbul edibsə, cəza almalıdır. Amma qəbul etməyibsə, ona şər, ləkə atılması böyük problemdir.

Avarçəkənlər təkzib edir

Dopinq ittihamı ilə üzləşənlər arasında Milli Avarçəkmə Federasiyasının idmançıları da var. Amma federasiya AzadlıqRadiosu-na növbəti dəfə həmin ittihamı rədd edir.

Yeri gəlmişkən, yalnız Avarçəkmə Federasiyası deyil, ayrı-ayrı vaxtlarda eyni tənqidlə üzləşən başqa federasiyalar da oxşar cavab veriblər.

Buna da bax:​ Beynəlxalq Antidopinq Agentliyi Azərbaycana vaxt qoyub

Sektor müdiri işə gəlmir

WADA-nın tələbi ilə bağlı Gənclər və İdman Nazirliyinə zəng vurduq. Mətbuat xidmətindən bu haqda məlumatsız olduqlarını söylədilər. Nazirliyin Dopinqə Qarşı Mübarizə Sektorunun müdiri İradə Rüstəmzadənin işə gəlmədiyini bildirdilər.

“Nazirlikdəki sektorun fəaliyyəti qaranlıqdır”

İdman jurnalisti Sərxan Musalı WADA-nın konkret iradının nədən ibarət olduğunu bilmir. “Dəfələrlə Azərbaycanın idman funksionerləri bildiriblər ki, bizim tərəfdən problem yoxdur, heç kimdə dopinq aşkarlanmayıb. Bu məsələdə Boks Federasiyanın, Avarçəkmə Federasiyasının adı çəkilirdi, amma sonradan bunu təkzib etdilər. Ağır Atletika Federasiyasının idmançıları dopinqə görə yarışlardan uzaqlaşdırılıblar. Amma indi onlar da problemi həll etməyə başlayıblar. İndi həmin köhnə söhbətə görə WADA bu problemi qaldırıb? Bəlkə başqa federasiyalarda problem var? Qurum konkret danışmır, bizimkilər də təkzib edir deyə, nəsə söyləmək çətindir”, – Sərxan Musalı bildirir.

Jurnalist Azərbaycanda antidopinq laboratoriyasının olmadığını, Gənclər və İdman Nazirliyinin tərkibində fəaliyyət göstərən Dopinqə Qarşı Mübarizə Sektorunun fəaliyyətinin də “qaranlıq” olduğunu vurğulayır. Kim bilir, bəlkə problemi elə burda axtarmaq lazımdır?