Xameneyi: ‘Əgər onlar öhdəliklərinə qayıtsalar, biz də qayıdarıq’

Ayətüllah Əli Xameneyi

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi deyib ki, onun ölkəsi Birləşmiş Ştatların 2015-ci il nüvə sazişinə qayıtmasını heç də səbirsizliklə gözləmir.

Birləşmiş Ştatları bu sazişdən birtərəfli qaydada hazırkı prezident Donald Tramp 2018-ci ildə çıxarıb.

Bundan əvvəl ABŞ-da prezident seçilmiş Co Bayden ölkəsini bu sazişə qaytaracağını bildirib.

O gələn həftə ABŞ-ın 46-cı prezidenti kimi səlahiyyətlərinin icrasına başlayacaq.

Xameneyi yanvarın 8-də deyib ki, “biz ABŞ-ın sazişə qayıtmasına tələsmirik və bunda israr etmirik”.

Tramp ABŞ-ı bu sazişdən çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa edilib.

Tramp iddia edirdi ki, 2015-ci il sazişi mükəmməl sənəd deyil və Vaşinqton və Tehran arasında İranın nüvə və raket proqramlarını da əhatə edən yeni saziş imzalanmalıdır.

ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasına cavab olaraq İran da 2015-ci il sazişi üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilib.

İran son vaxtlarda uranın zənginləşdirilməsini 20 dərəcəyə çatdırıb.

Buna da bax: Xameneyi vaksin idxalını yasaqlayır

Baydenin mövqeyi

Bayden isə deyib ki, Vaşinqton sözü gedən sazişə qayıda bilər, amma bunun üçün İranın öz öhdəliklərinin icrasına başlaması vacibdir.

2015-ci il sazişinin digər tərəfləri – Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sazişin hələ də qüvvədə olduğunu bildirir, İranı öhdəliklərinə əməl etməyə çağırırlar.

Bundan əvvəl İran rəsmiləri bildirmişdilər ki, ABŞ sazişə qayıdarsa və Avropa ölkələri saziş üzrə vədlərini icra edərsə, Tehran da öhdəliklərinin icrasına qayıdar.

Tehran israr edir ki, onun nüvə proqramı dinc, raket proqramı isə müdafiə səciyyəsi daşıyır.

Xameneyi bu barədə deyib:

“Qarşı tərəf əməldə öhdəliklərindən heç birinə əməl etmirsə, İslam Respublikasının da öhdəliklərinə tam ehtiram göstərməsi məntiqsizdir. Əgər onlar öhdəliklərinə qayıtsalar, biz də qayıdarıq”.