Yaşıllıqların məhvinə görə cərimələr artırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı

Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib.

«Report»un xəbərinə görə, Milli Məclisin noyabrın 11-də keçirilən plenar iclasında bununla bağlı Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.

Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsinə görə cəzalar sərtləşir. Bu halda 5 min manatdan 7 min manatadək cərimə və ya 2 ilədək həbs verilə bilər.
Bu vaxta qədər olan qanunvericilikdə isə həmin əmələ görə 2 min 500 manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək həbs nəzərdə tutulurdu.

Eyni əməllər təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və bu zaman qulluq mövqeyindən istifadə edilsə, cəza daha sərt olacaq. Belədə, 7 min manatdan 9 min manatadək cərimə və ya 5 ilədək həbs cəzası nəzərdə tutulur. Buna qədər isə həmin hallarda maksimum 5 min manat cərimədən söhbət gedirdi.

Cinayət Məcəlləsinə edilən digər əlavəyə əsasən, əgər söhbət meşənin yandırılması kimi ciddi fəsadlardan gedərsə, hətta 7 ilədək həbs verilə bilər.

İnzibati Xətalar Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilib. Orada da cərimələrin miqdarı artırılıb.

Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olunub.