Azərbaycan Ermənistandan metallurgiya zavodunun inşasını dayandırmağı tələb edir

Yerasxda metallurgiya zavodunun tikintisi

Azərbaycan hökuməti Ermənistandan Naxçıvanla həmsərhəd Ararat vilayətinin Yerasx kəndində iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edir.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın Ətraf Mühit naziri Akop Simidyana bununla bağlı məktub ünvanlanıb.

Məktubda bildirilir ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır: "Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin... Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır".

Layihənin transsərhəd təsiri ilə bağlı suallar aydınlaşdırılana qədər Ermənistandan zavodun tikintisinin dərhal dayandırılmasını tələb olunur.

70 milyon dollarlıq Yerasx metallurgiya zavodunu "GTB Steel" Amerika-Ermənistan şirkəti tikir. Şirkət iyunun əvvəlində Azərbaycanın oxşar bəyanatına cavabında deyirdi ki, ətraf mühitə mənfi təsirin olmamasından ötrü bütün müasir texnologiyalar həyata keçiriləcək.

Ermənistanın Ətraf Mühit Nazirliyi də zavodun beynəlxalq standartlar və tələblər çərçivəsində inşa olunduğunu bildirib. Qurum Azərbaycanı Ermənistanın iqtisadi inkişafını ləngitmək üçün "saxta ətraf mühit həyəcanı" qaldırmaqda suçlayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan silahlı qüvvələri ötən ay Yerasxı atəşə tutub və zavodun tikintisində işləyən iki Hindistan vətəndaşı qəlpə yaraları alıb.