Yunanıstan Türkiyə ilə sərhəddə 40 kilometrlik hasar çəkib

Türkiyə ilə Yunanıstan arasında çəkilən yeni hasar, 10 avqust 2021

Yunanıstan, Əfqanıstandan ölkəyə miqrant axınının qarşısını almaq üçün Türkiyə ilə sərhəddə çəkdiyi 40 kilometrlik hasarın açılışını edib. 

Bu barədə "Katimerini" qəzeti məlumat yayıb. Əfqanıstanda hakimiyyətin Taliban tərəfindən ələ keçirilməsindən sonra Afina, 2015 -ci ildə baş verən miqrasiya böhranının təkrarlanacağından qorxur.

Həmin dövrdə əsasən Suriya və Əfqanıstan vətəndaşları olan bir milyon iki yüz mindən çox miqrant Avropa Birliyindən sığınacaq istəyib.

Məlumatlara görə, onların bir çoxu Avropa Birliyinə Türkiyə-Yunanıstan sərhədindən keçməklə daxil olub.

Yunanıstan hakimiyyəti sərhədin toxunulmazlığını təmin etməyə hazır olduğunu bildirir.

Cümə günü Baş nazir Kyriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Ərdoğanla vəziyyəti müzakirə edib.

Ərdoğana görə, miqrantlar Türkiyə və İrandan keçməklə Avropaya getdiyi nəzərə alınmalı və hər iki ölkə dəstəklənməlidir, yoxsa yeni bir köç dalğası qaçılmaz olacaq.