ATƏT mövcud şərtlərin seçkilərin demokratik keçirilməsinə imkan vermədiyini deyir
"Təəssüf ki, bu seçkilərdə həqiqi siyasi plüralizm olmayıb, prosesə qatılmaq istəyən saysız namizədlər ciddi əngəllərlə üzləşib, seçki komissiyalarında tərəfsizlik təmin edilməyib, məhdudiyyətlər bir çox vətəndaş müşahidəçilərinin işini mümkünsüz edib", –DTİHB missiyasının başçısı Ditmir Buşati deyib.
"Prosesin effektivliyinə baxmayaraq, bu şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Biz hakimiyyətə bütün vətəndaşlarının naminə bütövlükdə prosesi təkmilləşdirməkdən ötrü çoxdankı tövsiyələrimizin icrasında dəstək göstərməyə hazırıq", – o vurğulayıb.
Müəlliflər habelə vurğulayıblar ki, bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa 24 partiya mübarizə aparıb: "Biri istisna olmaqla, hamısı ictimaiyyət tərəfindən "sadiq müxalifət" kimi qəbul edilir. YAP bütün seçki dairələri üzrə namizədləri olan yeganə partiya olduğu halda, digər 24 partiyanın ümumilikdə 181 namizədi var idi".
Əlavə edilib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasını əsas gətirərək seçiciləri boykot etməyə çağırıb: "Hər seçki dairəsində orta hesabla səkkiz namizəd iştirak etsə də, seçkilər rəqabətli olmayıb".
Hesabata görə, Beynəlxalq Seçki Müşahidə Missiyasının müşahidə etdiyi 92 seçki məntəqəsinin 45 faizində səslərin sayılması mənfi qiymətləndirilib: "Müşahidəçilər məlumat vermişdirlər ki, səslərin sayılmasının müşahidəsi aparılan 92 məntəqənin 29-da iştirak edənlərin heç də hamısı sayım prosesini aydın izləyə bilməyiblər, 27 halda məhdudiyyətsiz müşahidə mümkün olmayıb...".
ATƏT müşahidəçilər qeyd edirlər ki, onlara seçki tədbirlərinə dövlət sektorunda çalışanların və digərlərinin məcburən aparılması barədə məlumat verilib: "Bu isə seçicilərin qorxudulması, onların təqib qorxusu olmadan səs verə bilmək sarıdan narahatlığına səbəb olub".
Eyni zamanda hesab edilir ki, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsi, məhdudlaşdırıcı media qanunvericiliyi genişmiqyaslı özünüsenzuraya səbəb olub, müstəqil jurnalistikanın miqyasını kəskin məhdudlaşdırıb.