Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:38

Qarabağ erməniləri: Reinteqrasiya, yoxsa kütləvi köç – Ekspertlər nə deyirlər?


Qarabağ erməniləri Rusiya sülhməramlılarının bazasında
Qarabağ erməniləri Rusiya sülhməramlılarının bazasında

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi qəfil hücum regionun siyasi mənzərəsini dəyişib.

Bakı bildirir ki, indi Qarabağın erməni əhalisini yenidən Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək planını icra etmək qalır.

Məqalədə deyilir ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunacağını bəyan etsə də, münaqişədən psixoloji travma almış etnik ermənilər buna şübhə ilə yanaşırlar.

Separatçılar bildirirlər ki, Azərbaycanın son əməliyyatı zamanı azı 200 nəfər həlak olub. Onlardan 10 nəfəri mülki adamlardır.

Sentyabrın 21-də Azərbaycan rəsmiləri və Qarabağ ermənilərinin nümayəndələri ilk dəfə olaraq Yevlax şəhərində görüşüblər. Bu danışıqların nəticəsi elan edilməsə də dialoqun davam etdiriləcəyi bildirilib.

Qarabağ separatçılarının lideri kimi təqdim olunan Samvel Şahramanyanın müşaviri David Babayan Reuters agentliyinə deyib ki, hələ müzakirə olunası bir çox məsələlər var:

“Biz hələ xalqımıza necə bir təhlükəsizlik qarantiyasının veriləcəyini bilmirik. Bu məsələ həll olunmalıdır”.

Məqalədə deyilir ki, Azərbaycanın hücum əməliyyatından sonra Qarabağ əhalisi arasında panika və qeyri-müəyyənlik hökm sürürdü. Döyüşlərin davam etməsi barədə ziddiyyətli xəbərlər gəlirdi.

Rusiya sülhməramlıları Xocavənd, Ağdərə və Əsgəran rayonlarından 5 mindən çox sakini təxliyə ediblər. Bu rayonlara Azərbaycan silahlı qüvvələrinin daxil olduğu bildirilir. Son məlumata görə sülhməramlıların Xocalı aeroportundakı bazasında 704 nəfər yerləşdirilib.

Bu arada rəsmi Bakı 5 Rusiya sülhməramlısının səhvən Azərbaycan hərbçiləri tərəfindən öldürüldüyünü təsdiq edib.

'Ermənilərin Xankəndini tərk etməsi yaxşı heç nə vəd etmir'-Müsahibə
Gözlə

No media source currently available

0:00 0:17:40 0:00

2020-ci ilin 6 həftəsi, sentyabrın bir günü...

Kuçera yazır ki, Azərbaycan birləşmələri hələ ki ermənilərin Stepanakert adlandırdıqları Xankəndi şəhərinə daxil olmayıblar. Buradakı xidmət və müəssisələri 1990-cı illərdən bəri olduğu kimi hələ də özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurum idarə edir. Həmin vaxtdan bəri bu “DQR”-in hakimiyyəti dövründə ermənilərin yeni bir nəsli yetişib.

Azərbaycanlılar 1990-cı illərin əvvəllərində baş vermiş birinci müharibədə məğlub olmuşdu. Lakin az qala üç onillikdən sonra, onlar 2020-ci ildə 6 həftə ərzində ikinci müharibədə qalib oldular. Sentyabrın 19-da keçirilən əməliyyat isə bir gün davam etdi və erməni tərəfi təslim olduğunu elan etdi.

İndi Azərbaycanın tələbi ermənilərin DQR ordusu adlandırdıqları birləşmələrin tam tərksilah edilməsi və buraxılmasıdır. Bakı separatçı rejimi qanunsuz xunta hesab edir.

Ötən 30 ildə münaqişənin həllinə yönələn bütün diplomatik səylər nəticə verməmişdi.

Ermənistan 1990-cı illər müharibəsində qalib gələndə Qarabağda yaşayan 600 mindən çox azərbaycanlı evlərindən didərgin düşüb.

Azərbaycanın 2020-ci ildə geri aldığı bu ərazilərdə yaşayan ermənilər isə indi qaçmalı olublar.

Paşinyan Rusiyadan imtina edir?
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

“Biz onlara muxtariyyət vəd etmişdik...”

Kuçera xatırladır ki, 2020-ci ilədək azərbaycanlılar ermənilərə tutduqları əraziləri qaytarmaları müqabilində ən yüksək muxtariyyət vəd edirdilər. Qarabağ bir növ İtaliyanın almanlar yaşayan Tirol, Finlandiyanın isveçlər yaşayan Aland adaları kimi bir statusa malik olmalı idi.

Lakin 2020-ci il müharibəsi başlanan kimi Azərbaycan həmin təklifin etibardan düşdüyü bildirdi.

İlham Əliyev müharibə günlərində deyirdi:

“Biz onlara muxtariyyət vəd etmişdik. Amma onlar bütün təklifləri rədd edirdilər...İndi isə onların statusu cəhənnəm oldu, gorbagor oldu, yox oldu bu status məsələsi”.

Kuçera yazır ki, indi Azərbaycanda hökumətə bağlı analitik mərkəzlər ermənilərin azərbaycanlılarla birgə yaşayışının müxtəlif modellərindən danışsalar da, rəsmi Bakı Qarabağ ermənilərinə də bütün Azərbaycan vətəndaşlarının malik olduqları hüquqların veriləcəyini bildirir.

Məqalədə deyilir ki, 19 sentyabr əməliyyatından sonra Azərbaycan rəsmiləri niyyətləri barədə daha açıq danışırlar.

Azərbaycan prezidentinin xarici məsələlər üzrə müşaviri Hikmət Hacıyev deyib ki, İlham Əliyev Qarabağ ermənilərinin bütün hüquqlarının – təhsil, mədəniyyət, din və bələdiyyə seçkisi hüquqlarının təmin olunacağını vəd edib.

Hacıyev sentyabrın 22-də bildirib ki, Qarabağ silahlı birləşmələrinin silahını yerə qoyan döyüşçülərinə amnistiya veriləcək.

Qərbdən gələn tənqidlərin təsiri nə ola bilər?
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

"Qarabağ erməniləri adi milli azlıq deyil"

Kuçera yazır ki, bir çox təhlilçilər Azərbaycanın bu vədlərinə şübhə ilə yanaşır və vədlərin sonunda etnik təmizləmə ilə nəticələnəcəyindən narahatlıq bildirirlər.

Londonda mənzillənmiş Chatham House analitik mərkəzinin Rusiya və Avrasiya proqramının tədqiqatçısı Lorens Broers bu barədə deyir:

"Qarabağ erməniləri sadəcə bir milli azlıq deyillər. Onlar münaqişənin spesifik tarixçəsinə malikdirlər. Buna görə də düşünürəm ki, onların reinteqrasiyası layihəsinin icrası ağrılı danışıqlar, keçid tədbirləri və real təhlükəsizlik qarantiyaları tələb edəcək”.

Ekspert əlavə edir ki, indiki danışıqlar zorakılığın çox sərt və asimmetrik epizodlarının ardınca keçirilir.

Broers bildirir ki, Azərbaycanın vədləri Ermənistan əhalisi üçün inandırıcı görünmür:

"Və mən düşünürəm ki, qarşıdan gələn həftələrdə biz böyük bir ehtimalla əhalinin Ermənistana əhəmiyyətli axınının şahidi olacağıq”.

Qarabağ ermənilərinin bir qismi hazırda Rusiya sülhməramlılarının Xocalıdakı bazasına sığınıb. Onlar Qarabağı tərk etmək istədiklərini, amma sülhməramlıların onların getməsinə imkan vermədiyini deyirlər. Bununla belə Ermənistan hökuməti Qarabağ ermənilərinin mümkün gəlişinə hazırlıq görüldüyünü bildirib.

Hazırda nə qədər erməninin Qarabağı müvəqqəti və ya daimi tərk etmək istədiyi bilinmir. Amma Babayan deyir ki, əksəriyyət Azərbaycanın bir hissəsi kimi yaşamaq istəmir.

"Silahı yerə qoyanlara amnistiya verməyi nəzərdən keçiririk"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

"Evakuasiya imkanı verilməlidir"

Kuçera yazır ki, Qarabağda 9 aylıq blokadanın yaratdığı humanitar böhrandan və bu son hərbi əməliyyatdan sonra bir çox müşahidəçilər adamlara evakuasiya olunmaq imkanının verilməsinə tərəfdardırlar.

Azərbaycan-Ermənistan danışıqlarında ABŞ-ın keçmiş vasitəçisi Karey Kavana X platformasında yazır ki, növbəti bir neçə gün Qarabağdan nə qədər əhali axınının və ya əhalinin tam çıxışının olub-olmayacağını göstərəcək:

"Azərbaycanı tərk etmək istəyənlərə belə bir imkan verilməlidir. Beynəlxalq icma onların Dağlıq Qarabağdan sağ-salamat çıxışını təşkil etməlidir və onların Ermənistanda qəbuluna köməklik göstərilməlidir”.

Regionda uzun müddətdir ki, sülh fəallığı edən və San Dieqo Universitetinin professoru olan Filip Qamaqelyanın fikrincə ermənilərin Qarabağı heç olmasa müvəqqəti tərk etməsinə imkan yaradılmalıdır.

O düşünür ki, indiki mərhələdə ermənilərin Qarabağdan təhlükəsiz evakuasiyasının təşkili mütləq prioritetdir:

"Son üç ildə, xüsusilə də son 9 ayda onların hər hansı bir şəkilidə reinteqrasiyası və ya birgə yaşayışının təşkili üçün heç nə edilməyib. İndiki halda isə onların bəzi hüquqlarla təhlükəsiz yaşaya biləcəklərini təsəvvür etmək çətindir. Lakin bir “fasilədən” sonra Azərbaycana imkan verilməlidir ki, şübhə edənlərin yanlış düşündüyünü sübut edib ermənilər üçün münasib mühit yaratsın”.

Kosovodakı serblər, yoxsa Türkiyədəki ermənilər kimi...

Lakin Caucasus Edition jurnalından Lalə Darçınova xəbərdarlıq edir ki, müvəqqəti evakuasiya “həmişəlik” ola bilər:

"Mən Qarabağı azərbaycanlılarsız görmək istəmədiyim qədər, Qarabağı ermənilərsiz də görmək istəmirəm. Odur ki, mənim üçün evakuasiya böyük bir müəmmadır. Adamlar geri qayıda biləcəklərmi? Bu çox çətin durumdur. Amma qısa müddətdə bu insanlar üçün bir alternativ varmı?”

Broers deyir ki, ermənilərin Qarabağdan kütləvi axının qarşısını kəsən əsas faktorlardan biri də Rusiyadır:

"Qarabağ ermənilərinin qalması və ya getməsi məsələsi də Rusiyanın davamlı mövcudiyyəti ətrafındakı geosiyasi hesablamalara bağlıdır. Yəni əgər Qarabağda erməni icması olmayacaqsa, orada Rusiya sülhməramlı missiyasına da ehtiyac olmayacaq”.

Broersin fikrincə bir çox Qarabağ erməniləri hətta evləri Azərbaycanın nəzarətinə keçsə belə Ermənistana getmək istəməyəcəklər:

"Bir çox Qarabağ erməniləri üçün Ermənistanda məskunlaşmaq cəlbedici variant deyil, çünki orada qaçqın ermənilərə ikinci növ vətəndaş kimi baxmaq ənənəsinin tarixçəsi var. Odur ki, fikrimcə onlar iki şərdən daha xeyirlisini seçməli olacaqlar”.

Bakıda mənzillənmiş Topçubaşov mərkəzindən ekspert Şücaət Əhmədzadənin fikrincə yaxın perspektivdə Qarabağ ermənilərinin vəziyyəti Kosovodakı serblər kimi olacaq:

“Yəni ortada antaqonizm olacaq, icmalar bir-birlərinə baş çəkməyəcəklər, öz kəndlərində öz rəmzləri olacaq. Ümid edək ki, zorakılıq olmasın, belə deyək, antaqonist interaksiyalar olsun”.

Ekspertin fikrincə uzun perspektivdə Qarabağ erməniləri Türkiyədəki ermənilər kimi olacaqlar.

XS
SM
MD
LG