Meymunçiçəyindən necə qorunmalı

ABŞ-da meymunçiçəyinə qarşı vaksinasiya məntəqəsi

Agentlik dünyada meymunçiçəyi riskinin orta səviyyədə olduğunu, yalnız DST-nin yüksək risk zonası adlandırdığı Avropanın istisna təşkil etdiyini yazır

Sürətlə yayılan meymunçiçəyi virusuna yoluxmalar fövqəladə sanitar-epidemioloji vəziyyətə çatıb. Bu bəyanatla şənbə günü – iyulun 23-də Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus çıxış edib.

İlk dəfə meymunlarda aşkarlanan bu virus yoluxmuş şəxslə sıx təmas vasitəsilə yayılır. Bu iləcən virus endemik olduğu Afrikadan kənarda çox nadir hallarda aşkarlanıb.

Buna da bax: DST rəhbəri meymunçiçəyinin yayılmasından narahatdır

75 ölkədə 16 mindən çox yoluxma

Mayın əvvəlində Böyük Britaniyada bir neçə yoluxma haqda məlumatlar xəstəliyin Avropaya keçdiyini göstərdi.

Artıq 75 ölkədə 16 mindən çox yoluxma, hamısı Afrikada olmaqla beş ölüm qeydə alınıb.

“Reutrers” meymunçiçəyinin qızdırma, ağrı, dəridə qızartılar kimi yüngül simptomlarla müşayiət olunduğunu yazır. DST bildirir ki, bu virusa yoluxan şəxslər adətən 2-4 həftəyə sağalırlar.

Virusu istənilən şəxs yaya bilər. Ancaq hazırda Afrikadan kənardakı yoluxmalar daha çox öz həmcinsi ilə cinsi əlaqədə olmuş kişilər arasında aşkarlanıb.

Meymunçiçəyi əsasən intim dəri təmasıyla, aktiv səpkiləri olan şəxslə təmasdan, virus olan paltar, yataqdan keçir. Yəni, bu virus dünyada COVID-19 pandemiyasına səbəb olmuş SARS-CoV-2 qədər asan yoluxmur.

Buna da bax: ‘Meymunçiçəyinə qarşı pevənd və dərman Azərbaycanda yoxdur’

Niyə fövqəladə vəziyyət elan edildi

Agentlik dünyada meymunçiçəyi riskinin orta səviyyədə olduğunu, yalnız DST-nin yüksək risk zonası adlandırdığı Avropanın istisna təşkil etdiyini yazır.

DST-nin fövqəladə vəziyyət elan etməsinə gəlincə, bir sıra ölkələr yoluxma halları artmasından dolayı qurumu buna səsləyirdilər. Virusun daha çox ölkədə endemik hala gələcəyi sarıdan narahatlıq vardı.

Fövqəladə vəziyyət elan olunmasında məqsəd qlobal tədbirlərin görülməsi, testlərin götürülməsindən tutmuş, vaksinlərin və müalicə üsullarının hazırlanması və yayılmasına qədər hər sahədə əməkdaşlıq etməkdir.

Buna da bax: Rusiyada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb

Ölüm faizi

İndiyədək Afrikada meymunçiçəyindən ölüm səviyyəsi 1 faiz civarında olub. Ancaq qeyri-endemik ölkələrdə onun daha az öldürücü olması aşkarlanıb.

Alimlər ilkin yoluxma dalğasına nəyin səbəb olduğunu, virusun dəyişib dəyişmədiyini müəyyənləşdirməyə çalışırlar. Ekspertlərin fikrincə, dünyada səyahətlərin artması, iqlim dəyişikliyi virusların peyda olaraq yayılmasını ümumilikdə sürətləndirib.

Yoluxucu xəstəliklər üzrə ekspertlər deyirlər ki, illərlə davam edən maliyyə səhlənkarlığı dəri zöhrəvi dispanserləri virusun önlənməsində hazırlıqsız vəziyyətə salıb. Hazırda meymunçiçəyinə yoluxmalarla əsasən bu klinikalar mübarizə aparır.

Buna da bax: Meymunçiçəyi çoxmu təhlükəlidir

Qoruyucu tədbirlər

Səhiyyə rəsmilərinin sözlərinə görə, insanlar səpkiləri olan, yaxud özünü yaxşı hiss etməyən şəxslə sıx şəxsi təmasdan qaçmalıdırlar. Meyminçiçəyinə yoluxmadan şübhələnən şəxslər özlərinə təcrid etməli, müalicə almalıdırlar.

Yüksək risk qrupunda olanlara, yaxud yoluxmuş şəxslərə sıx təmasda olmuş şəxslərə meymunçiçəyinə qarşı vaksinlər də təklif edilir.

Hazırda “Emergent Biosolutions” şirkətinin istehsal etdiyi ACAM2000 adlı vaksin mövcuddur, ancaq kəskin yan təsirlə bağlı xəbərdarlıq səbəbindən istifadəsi məhdudlaşdırılıb.

“Bavarian Nordic” şirkəti hər il meymunçiçəyi də daxil, 30 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Şirkət ABŞ-da yerləşən istehsalçısına meymunçiçəyi vaksini istehsalını artırmağı tapşırıb.

Meymunçiçəyi simptomları bir neçə həftəyə öz-özünə çəkilir. Xəstələr əlavə maye qəbul edə, ikinci bakterioloji infeksiyaya qarşı müalicə ala bilərlər.