Medvedev: 'Seçkinin nəticələri 'Vahid Rusiya' üçün 'çox yaxşı' olub'

Russia -- Election campaign in Krasnodar

Sentyabrın 10-da Rusiyada yerli və regional şuraların, eləcə də qubernatorların seçkisi keçirilib.

AzadlıqRadiosu seçici iştirakının xeyli aşağı olduğunu, hakimiyyətin saxtakarlıq və qorxutmaya yol verməsinə dair iddiaların səsləndiyini bildirir.

Seçki komissiyası rəsmilərinin sentyabrın 11-də bildirdiyinə görə, Moskvada qeydiyyata alınmış seçicilərin yalnız 15 faizi səs verib.

Buna da bax:​ Putinin mümkün 'xələf'ləri. Siyahıda 19 ad var...

İDDİALAR

Paytaxtdakı müxalifət namizədləri hakimiyyətin seçici fəallığını azaltmağa çalışdığını iddia edirdi.

Liberal "Yabloko" partiyasının təmsilçisi Sergei Mitrokhin rəsmiləri “adamlara seçki gücsüzlüyü hissi aşılamaqdan ötrü hər vasitəyə” əl atmaqda suçlayıb. O bu barədə Frans Pres agentliyinə danışıb.

"Yabloko" lideri Sergei Mitrokhin. Moskva, 28 iyun 2017

Müxalifət lideri Alexei Navalny da hakimiyyətin saxtakarlığa yol verdiyini iddia edib. Seçki monitorinqi üzrə “Golos” qeyri-hökumət təşkilatının bildirməsinə görə, rəsmilərin təzyiqinə dair 500-dək şikayət alıb.

Moskva şəhər rəsmiləri ittihamları rədd edib.

Buna da bax:​ Rusiyanın könüllü imtina etməli olduğu ərazilər hansılardır?

Bu, 2018-ci ilin martında keçiriləcək prezident seçkisindən öncə ən böyük səsvermə idi.

"VAHİD RUSİYA" ÜÇÜN “ÇOX YAXŞI” NƏTİCƏLƏR

Hakim "Vahid Rusiya" Partiyasının sədri, baş nazir Dmitry Medvedev seçkilərin hər yerdə yüksək səviyyədə keçirildiyini, nəticələrin "Vahid Rusiya"dan ötrü “çox yaxşı” olduğunu vurğulayıb.

İlkin nəticələr Prezident Vladimir Putin-ə bağlı partiyaların önə çıxdığını göstərir.

Müxalifət özəlliklə Moskvada güclü göstəricilərə, ölkəboyunca isə bəzi mövqeləri əldə etməyə ümid bəsləyirdi.

46 yaşlı müəllim Aleksei Samsonov AzadlıqRadiosu-na deyib ki, o, "Yabloko"nun dəstəklədiyi deputatlara səs verib, bunu “müxalifət qüvvələrinin bələdiyyə şuralarına girə bilməsi üçün yeganə yol sayır”.

Buna da bax:​ Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

72 yaşlı teatr tənqidçisi Natalya Kolosova isə "Vahid Rusiya"nın namizədlərinə səs verdiyini vurğulayıb.

VƏZİFƏDƏ OLANLAR TƏKRAR SEÇKİYƏ GEDİB

Altı regionda – Şimali Osetiya, Udmurtiya, Krasnodar Krayı, Penza, Saratov və Saxalin vilayətlərində yerli şuralar seçilib. Rusiyanın 83 regionundan 16-da isə birbaşa qubernator seçkiləri olub.

"Vahid Rusiya" ("Yedinaya Rossiya") partiyası

16 regiondan 9-da "Vahid Rusiya"dan olan hazırkı qubernatorlar yenidən seçkiyə qatılıb. Heç bir namizəd çoxluğu qazanmasa, təkrar səsvermə sentyabrın 24-də olacaq.

Buna da bax: Navalny: 'Belə getsə, Rusiya prezidentinin bir gözü ağ olacaq'

Moskvanın 2014-cü ilin martında qanunsuz ilhaq etdiyi Ukraynanın Krım vilayətində də seçki keçirilib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Mariana Betsa Twitter-də yazıb ki, Ukrayna Krımda “seçki prosesi”ni tanımır.

“Regionlarda heç bir sürpriz gözlənilmir, çünki hər şey nəzarət altındadır”, – Moskvadakı “Mercator” beyin mərkəzinin direktoru Dmitry Oreshkin AzadlıqRadiosu-na deyib.

Oreshkin-in proqnozuna görə, "Vahid Rusiya", yaxud onun dəstəklədiyi namizədlər regional seçkilərdən “qalib çıxacaq”.